Menecment

Posted on Posted in Uncategorized

1. Menecment elmdir və fəaliyyətdir.
2. Menecment nədir və menecer kimdir?
3. Təşkilat (firma, müəssisə) nədir?
4. Müəssisənin yaradılması və yaşadılması amilləri.
5. İdarəetmə səviyyələri və vasitələri.
6. Menecerin funksiyaları və rolu.

“Menecment“ anlayışı semantik baxımdan ingilis sözü olub “idarəetmə“ ifadəsinə uyğundur. Lakin, bu anlayış idarəetmənin tərkib hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal idarəetmədən fərqli olaraq “menecment“ ifadəsi daha çox müəssisələrin və firmaların idarə edilməsinə aid edilir. Misal üçün qeyd edək ki, dövlətin, şəhərin və yaxud da ordunun idarə olunması prosesləri menecmentlə əlaqələndirilmir və bu hallarda “menecment“ və “”menecer“ ifadələri işlədilmir.
Müasir anlamda menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir. 
Menecment iki başlıca xüsusiyyətə malikdir: a) müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində tətbiq edilən elmdir və b) bu səviyyədə praktik idarəetmə fəalliyyətidir.
Menecer“ anlayışı isə şəxsiyyətlə bağlıdır və o, muzdla tutulmuş idarə edən rəhbərdir, idarəetmədə iştirak edən şəxsdir. Yuxarıda qeyd olunduğu kimi, menecerlər müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər. Hər bir menecerin 3 əsas vəzifəsi vardır: 1) İşçiləri (kadrları) idarə etmək; 2) İstehsalı (və texnologiyanı) idarə etmək; 3) İnformasiyanı idarə etmək.
İdarəetmə– özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir
İdarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma) olmadan icra edilə bilməz. İdarəetmənin mövcudluğu təşkilatın mövcudluğu ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də vardır və əksinə.
İdarəetmə sistemi – obyekt və subyekt olmaqla iki tərkib hissədən ibarətdir. Obyekt – idarə olunan, subyekt isə – idarə edəndir.
Sistem (yunanca – systema) – hissələrdən təşkil olunmuş; birləşmə – deməkdir. Mahiyyətcə, sistem – müəyyən bütövü (tamı) əmələ gətirən ayrı-ayrı hissələrin (elementlərin, əşyaların, hadisələrin, baxışların) qanunauyğun birləşməsi, birliyidir.
Müəssisə (təşkilat, firma) dedikdə, bir qrup adamın müəyyən məqsədə çatmaq üçün şüurlu surətdə fəaliyyət birliyi yaratmaları başa düşülür. İki və daha çox adamın vahid məqsəd üçün iş birliyi qurması təşkilatı yaradır.
Müəssisə – mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Hər bir təşkilatın yaranması və yaşaması üçün sxemdə verilən 5 amil zəruridir: məqsəd, işçilər, vəzifələr, struktur və texnologiya.

Şəkil 1. Təşkilatın zəruri amilləri

Şəkil 1. Təşkilatın zəruri amilləri

Hər bir təşkilatın işləməsi üçün aşağıdakı elementlərin olması vacibdir: xammal; kapital; kadrlar; enerji; informasiya; texnologiya; avadanlıqlar; alətlər; nəqliyyat; idarəetmə və s.
Hər bir təşkilatın mövcudluğu üçün aşağıdakılar zəruridir:

  • Vəsaitlər (maddi, texnoloji, maliyyə, informasiya) və kadrlar.
  • Xarici və daxili mühit (iqtisadi vəziyyət, bazar, tələbatçılar, rəqiblər, qanunçuluq, siyasi və sosial amillər, həmkarlar təşkilatı və s.).
  • Üfüqi və şaquli əmək bölgüsü.
  • Təsərrüfat şöbələri və bölmələri.
  • İdarəetmə.

Bütün hallarda (kiçik müəssisələr istisna olmaqla) təşkilatın idarə olunması üçün üç manqa – üç səviyyə vardır:
-aşağı (texniki səviyyə);
-orta (idarəetmə səviyyəsi);
-ali (institut səviyyəsi).
İdarəetmə – təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə çatmaq üçün planlaşdırma, təşkiletmə, icra (motivləşdirmə) və nəzarət prosesləridir.
İdarəetmə səviyyələri arasında qarşılıqlı əlaqələrin – həm şaquli, həm də üfiqi əlaqələrin qurulması, müəssisənin son məqsədə çatmasını təmin etmək işinə xidmət etməlidir.
İdarəetmə səviyyələri ilə yanaşı, müəssisələrdə iyerarxiya quruluşundan asılı olaraq idarəetmə pillələri də yaradılır. Bu pillələr şaquli idarəetmə quruluşunda tabeçilik pillələrinin həlqələrini (skalyar zənciri) təşkil edirlər.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyəti özünün varlığı ərzində insanlara təsir göstərmək üçün idarəetmə üzrə cəmisi üç vasitə (üsul, alət) yaratmış və tətbiq etmişdir: asılılıq iyerarxiyası; mədəniyyət və bazar(Şəkil 2).
Birinci vasitə – iyerarxiyadır. Bu idarəçilik üsulunda əsas amil, hakimiyyət və tabeçilikdir, yəni yuxarıdan aşağıya özünə tabe olanları işləməyə məcbur etmək, onları maddi cəhətdən asılı vəziyyətdə saxlamaq və tabe etmək münasibətlərinə əsaslanır. Eynilə də, aşağıların yuxarılara tabe olmaları ideyaları aşılanır və bu münasibətlər cəmiyyətin əsas aparıcı qüvvəsi hesab olunur. Bu halda «qamçı və ya qoğal» prinsipinə daha çox üstünlük verilir.
İkinci vasitə – mədəniyyətdir. Bu üsulun mahiyyəti ondadır ki, cəmiyyətin özünün işləyib hazırladığı və bəyəndiyi idarəetmə təsiri – mənəviyyat, sosial normalar, davranış qaydaları və digər mənəvi dəyərlər vasitəsilə həyata keçirilir. Bu halda zordan daha çox, mədəniyyətə üstünlük verilir.
Üçüncü vasitə – bazardır. Bu üsulda idarəetmənin mahiyyəti – bərabər hüquqlu üfiqi əlaqələrin qurulması, mülkiyyət münasibətlərində qarşılıqlı maraqların bərabərliyi və tam azadlığı ilə bağlıdır. Bu halda həm iyerarxiya, həm də mədəniyyət elementləri ilə yanaşı, insanların fərdi azadlıqları və sərbəstliklərinə daha çox üstünlük verilir. Burada demək lazımdır ki, müasir şəraitdə iyerarxiya, mədəniyyət və bazar vasitələri idarəçilik alətləri olmaqla ayrı-ayrılıqda yox, daim vəhdət şəklində təsir göstərirlər.

Şəkil. 2. İdarəetmə vasitələri

Şəkil. 2. İdarəetmə vasitələri

Bütün canlı və real təsərrüfatçılıqda və sosial sistemlərdə bu vəhdət danılmazdır və onlardan hansına daha çox üstünlük verilməsindən danışıla bilər. Yalnız bu yolla cəmiyyətin hansı ictimai quruluşa aid edilməsi barədə mühakimə yürütmək olar.
Bütün hallarda idarəetmənin təşkilatçıları və icraçıları menecerlərdir. Amerika sosioloqlarının müşahidələrinə görə hər bir rəhbər işçinin (menecerin) iş vaxtı aşağıdakı kimi bölünür:

  • planlaşdırılmış iclaslara və görüşlərə-59 %;
  • idarə kağızları ilə işləməyə-22 %;
  • planlaşdırılmamış görüşlərə –10 %;
  • telefon danışıqlarına –6 %;
  • gəzmək və müşahidələrə-3 %.

Menecerin əsas vəzifələrindən biri təşkilatın yaşamasını təmin etməkdir. Əgər bu vəzifə təmin olunarsa, onda istehsal, məhsuldarlıq, səmərəlilik, satış və gəlir götürmək kimi problemlər həll olunmalıdır.
Görkəmli tədqiqatçı alim – sosioloq Henri Minsberqə görə, hər bir menecerin 10 əsas rolu vardır və o:
1. ali rəhbərdir;
2. liderdir;
3. əlaqələndiricidir (koordinator);
4. informasiyanı qəbul edəndir;
5. informasiyanı paylayandır;
6. nümayəndədir;
7. işgüzardır;
8. xətaları aradan qaldırandır;
9. vəsaitləri bölüşdürəndir
10. danışıqlar aparandır.

Menecerlə işgüzar adamı mütləq fərqləndirmək lazımdır. İşgüzar adam ilk növbədə sahibkardır, öz vəsaiti hesabına risk edərək iş quran adamdır. Menecer isə, sahibkara muzdla qulluq edən idarəetmə mütəxəssisidir.
İdarəetmə ilə məşğul olanhər bir menecer:

  • kollektivi idarə etmək;
  • idarəetmə qərarları qəbul etmək;
  • hər hansı bir münaqişəni aradan qaldırmaq;
  • istehsalı planlaşdırmaq və təşkil etmək;
  • işçiləri hazırlamaq;
  • işgüzar danışıqlar aparmağı bacarmaq;
  • obyektiv olmaq və digər bu kimi qabiliyyətlərə malik olmalıdır.

Menecer üçün əsas keyfiyyətlərdən biri – adamlarla işləməyi bacarmaq, onları son nəticə əldə edilməsinə maraqlandırmaq, daimi və müntəzəm müsbət iqtisadi nəticələr əldə edilməsini təmin etməkdir.
Hələ eramızdan əvvəl Yunan filosofları hesab edirdilər ki, hər bir rəhbər işçi əsasən aşağıdakı dörd xarakterik keyfiyyətə malik olmalıdır:

  • Müdriklik (Nestor müdrikliyi);
  • ədalətlilik (Aqamemnon ədaləti);
  • hiyləgərlik (Odissey hiyləgərliyi);
  • cəsurluq (Axilles cəsurluğu).

XX əsrin əvvəllərindən başlayaraq və bu gün də müasir alimlər hesab edirlər ki, menecer üçün aşağıdakı keyfiyyətlər zəruridir:
– fiziki keyfiyyətlər – fəallıq; sağlamlıq; güclülük; enerjili olmaq.
– şəxsi keyfiyyətlər – özünə inanmaq; qələbəyə cəhd etmək; nüfuz sahibi olmaq; şəraitə uyğunlaşmaq.
– intellektual keyfiyyətlər – ağıl; duyum; qavrama; elmi bilik; yaradıcı münasibət; dəqiq qərar qəbul etmək qabiliyyəti.
bacarıq keyfiyyətləri – əlaqə yaratmaq qabiliyyəti; asanlıqla münasibət yaratmaq; işgüzar olmaq; diplomatik olmaq.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək demək olar ki, hər bir menecer aşağıdakıları bacarmalıdır:

  1. İstehsalı planlaşdırmaq və təşkil etmək;
  2. Düzgün və qeyri standart idarəetmə qərarları qəbul etmək;
  3. Kollektivi müasir tələblər səviyyəsində idarə etmək (liderlik etmək);
  4. İşçilərlə mehriban münasibətdə olmaq və onlarla işgüzar görüşlər keçirmək;
  5. İşçiləri yaradıcı əməyə ruhlandırmaq, onların uğurlarını görmək və qiymətləndirmək;
  6. Hər hansı bir münaqişəni aradan qaldırmaq;
  7. Şəxsi münasibətindən asılı olmayaraq son dərəcə obyektiv olmaq;
  8. İşçiləri seçmək, fərqləndirmək və öyrətmək;
  9. Tabe olmaq və ehtiramı gözləmək;
  10. İşgüzar danışıqlar aparmaq;
  11. Məhsulun satışını təşkil etmək;
  12. Müəssisənin gəlir əldə etməsini təmin etmək və s.

Menecer üçün ən başlıca keyfiyyət – müxtəlif metodlar və üslublardan istifadə etməklə müsbət son nəticə əldə etməyi bacarmaqdır. 
Menecer müntəzəm olaqar öz elmi və iqtisadi biliyini artırmalı, yeniliyi və hər cür mütərəqqi texnika və texnologiyanı başa düşməli və müdafiə etməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *